
26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində tələbələr arasında maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışını kollecin tərbiyə işləri üzrə direktor müavini, t.e.n. Murad Muradov edib. O, çıxışında narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edərək gənclərin sağlam həyat tərzinə üstünlük verməsinin vacibliyini vurğulayıb.
“Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda təşkil olunan tədbirdə narkomaniyanın cəmiyyətə və gənclərə təsiri, internet mühitində mövcud təhlükələr, eləcə də sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirdə kimyəvi və qeyri-kimyəvi asılılıqlar üzrə mütəxəssis, Narkotiklərə Qarşı Beynəlxalq Assosiasiyanın üzvü Elmar Çiqniyev çıxış edərək narkomaniyanın yaratdığı ağır fəsadlardan, gənclərin bu təhlükələrdən qorunmasının vacibliyindən danışıb, iştirakçıların suallarını cavablandırıb.
Tədbirin sonunda gənclərin zərərli vərdişlərdən uzaq durması, sağlam və təhlükəsiz gələcək naminə düzgün seçim etməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
#azmik #unec
