
Davudov Davud Rasim oğlu
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru
Hüquq üzrə fəlsəfə doktoru, dosent
Təhsil və elmi hazırlıq
Davud Rasim oğlu Davudov 8 iyun 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2009-cu ildə Milli Aviasiya Akademiyasında “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir.
Elmi fəaliyyətini hüquq elminin aktual istiqamətləri üzrə davam etdirərək 2018-ci ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmi tədqiqatları əsasən konstitusiya hüququ, dövlət idarəçiliyi, mülkiyyət hüququ, notariat institutu və hüquqi tənzimləmə məsələlərini əhatə edir.
Hazırda Bakı Dövlət Universitetində konstitusiya hüququ istiqaməti üzrə doktorantura səviyyəsində elmi tədqiqatlarını davam etdirir.
Peşə fəaliyyəti
Davud Davudov əmək fəaliyyətinin mühüm hissəsini hüquq və dövlət idarəçiliyi sahəsində qurmuşdur. 2010–2022-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin notariat sistemində çalışmış, hüquqi praktika, dövlət xidməti və idarəetmə sahəsində geniş peşəkar təcrübə qazanmışdır.
Hüquq sahəsində əldə etdiyi praktiki təcrübəni sonrakı illərdə elmi-pedaqoji və təhsil idarəçiliyi fəaliyyəti ilə birləşdirmişdir.
Elmi-pedaqoji fəaliyyəti
2012-ci ildən Milli Aviasiya Akademiyasında elmi-pedaqoji fəaliyyət göstərir. 2024-cü ildə Milli Aviasiya Akademiyasında dosent vəzifəsinə təyin edilmişdir.
Elmi-pedaqoji fəaliyyəti çərçivəsində hüququn müxtəlif sahələri üzrə tədris və tədqiqat işi aparır. Elmi məqalələrin, beynəlxalq və respublika səviyyəli konfrans materiallarının, metodik və tədris vəsaitlərinin müəllifidir. Elmi fəaliyyətində hüquq nəzəriyyəsi ilə hüquq tətbiqetmə təcrübəsinin əlaqələndirilməsinə, müasir dövlət idarəçiliyinin hüquqi mexanizmlərinə və təhsildə elmi yanaşmanın gücləndirilməsinə xüsusi önəm verir.
Təhsil idarəçiliyi və rəhbərlik fəaliyyəti
2024-cü il tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir.
Direktor kimi fəaliyyətində təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin müasir prinsiplər əsasında təşkili, rəqəmsal transformasiya, tələbəyönümlü təhsil mühitinin inkişafı, əmək bazarı ilə təhsil arasında əlaqələrin gücləndirilməsi və məzunların rəqabətqabiliyyətliliyinin artırılması əsas prioritetlər kimi müəyyən edilmişdir.
Onun rəhbərliyi dövründə kollecdə tədris və idarəetmə proseslərinin təkmilləşdirilməsi, əlavə təhsilin inkişaf etdirilməsi, maliyyə və biznes sektoru ilə əməkdaşlığın gücləndirilməsi, tələbələrin praktiki və peşəkar bacarıqlarının artırılması istiqamətində yeni təşəbbüslər həyata keçirilir.
İdarəetmə yanaşması
Davud Davudov müasir təhsil müəssisəsinin fəaliyyətində innovasiya və tələbəyönümlülük prinsiplərini əsas idarəetmə meyarları hesab edir.
Onun rəhbərlik yanaşmasının əsasını təhsil müəssisəsinin yalnız bilik verən struktur kimi deyil, eyni zamanda tələbənin peşəkar, intellektual və sosial inkişafını təmin edən müasir akademik mühit kimi formalaşdırılması təşkil edir.
Təhsillə əmək bazarı arasında davamlı əlaqələrin qurulması, müasir idarəetmə texnologiyalarının tətbiqi, müəllim və tələbələrin inkişaf imkanlarının genişləndirilməsi, eləcə də kollecin institusional nüfuzunun yüksəldilməsi rəhbərlik fəaliyyətinin əsas istiqamətlərindəndir.
Hazırda Davud Davudov elmi-pedaqoji fəaliyyətini təhsil idarəçiliyi sahəsindəki fəaliyyəti ilə paralel şəkildə davam etdirir.
